Genç Yazılar
Genç Hikayeler
Genç Şiirler
Genç Makaleler
Genç Fikirler
Genç Mizah
Haftanın Genç Yazısı
Genç Yazarlar Komitemiz
Üyelik İşlemleri

mail.jpg (2821 bytes)

Yazılarınızı göndermek için tıklayın

 
Bu yazı 1701 kez okunmuştur.
Habil Yaşar
Ölüm (əcəl zəngi)esse Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu. Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq. Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır. Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu? Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün. Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü. Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan. Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır. Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum. İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq. O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan. Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı. Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan. Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək. Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl! Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına. Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi? Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür. Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq. Belə isə sual doğur. Nədən yaşayırıq? Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir. Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı! 2008 Sevgi haqqında esse.(Sevgini yaşayanların,bu ne mətin qədrini bilənlərin sevgi dolu ürəklərinin xətrinə) Sevgi-sən elə bir duyğusan ki,insanların ən çox məhz sənə ehtiyacı var.Sən olan yerdə hər şey gözəl,hər şey ədalətlidir.Yaranışdan sənə olan ehtiyacı kim doldura bilib ki,bizlərdə doldura bilək? Sevgi-sən elə bir duyğusan ki,ömrümüzün hər anında,istər gənc ol,istər qoca bizləri izləyər və ansızın çağırılmamış qonaq kimi qapımızı döyə bilərsən.Kim səndən,sən adlı duyğudan sığortalana bilib ki? Sevgi-səni yaşamayanların,səni bir heç sayanların,sənə istehza ilə yanaşanların canlı ola biləcəyinə necə inanmaq olar?Hətta inanmaq belə çətindir sən adlı duyğunu yaşamayanların varlığına.Sənin varlığın bütün bəşəriyyətin varlığı olduğu kimi,sənin də varlıığın bütün bəşəriyyətin varlığının əmanətidir. Sevgi-bəzən acımasız olmağınla bizləri yanıb-kül edə biləcəyin qədər mərhəmətsizsən.Sənə məhkum ürəyimizə hakim kəsildiyindən sənə səcdə edə biləcəyimiz qədər zavallı oluruq biz.Məhz sən,daş qəlbləri yumşaldıb muma döndərə biləcək qədər sehrli bir qüdrətə maliksən və bu qüdrətinlə ən şirin sevgiyə maliksən –Sevgi.Bu nemətin qədrini bilməyənlərin tutar gözlərini naşükürlükləri. Sevgi-sənə olan ehtiyacımız balığın suya,quşun uçmağa olan ehtiyacı nisbətində daha çox olacığının gümanındayam.Əslində elə bütün ehtiyacların ilkin mənbəyi məhz elə sənsən...Sevgi. Sevgi-yaradanın belə ən çox sevdiyi nemət olduğunu unutmuruq biz...O,da səninlə yaratdı kainatı,bizi.Səni ürəklərimizə bir nemət olaraq bəxş etdi yaradan.Bizi sevgi yaratdığından bizlər də sevgini qorumağa borclu olduğumuzu unutmuruq.Unudanlardan əsla olmaq istəmirik-Sevgi. Sevgi-sən zirvələrdəki qardan belə şəffaf olduğundan,həssassan,səmimisən,təmizsən.Çünki,sən pislikləri üzərinə götürə bilməyəcək dərəcədə günahsızsan,məsumsan.Məsum olmağınla daha da gözəlsən-Sevgi. Sevgi-sən hər fəsildə öz donunu dəyişməyən bir ağaca bənzərsən.O ağac ki,isti-soyuq bilmədiyindən hər zaman sağlam olursan,heç bir təbibə möhtac olmazsan,əksinə təbiblər özü möhtac sənə-Sevgi. Sevgi-yazmadıqlarım yaza bildiklərimdən o dərəcədə çoxdur ki...Nə yazsam bir o qədər yenə az,yenə yetərsiz olduğunu yaxşı bilirəm.Bəzən xəcalət çəkirəm yetərsiz cümlələrimlə səni qələmə almağımdan.Sənin şənini mədh eləməkdən.Bağışla məni,sözlərimin,düşüncələrimin səni mədh etməkdə bu qədər cılız olmasından dolayı. Sevgi-sən sənə möhtac olanların sevgisini ürəklərində qoyma,qırma onları.Rəhm eylə sən adlı duyğuya mübtəla olanların acizliyinə.Onlara sənin yolunda çəkdiklərinə kömək et.Kömək et ki,azalmasın yer üzündə sevgi tumurcuqları səpən insanların miqdarı.Bu miqdarın heç zaman azalmayacağı ümidi ilə sənə pənah aparırıq –Sevgi... 04.03.2011 “Ağıllı “dəli” adam”... O, dəli,fərsiz adlandırılmağına rəğmən,çoxlarından daha ağıllı,daha etibarlı idi.Yaşadığı mühit ona qarşı son dərəcə amansız davranır,onun hər dediyinə məsxərə edərək küçümsərlərdi.Ancaq bütün bunlara baxmayaraq “ağıllı dəli adam” heç zaman digərlərinə qarşı nanəcib hərəkət etməz,ağıllı olduğunu bilə-bilə dəli adlandırılmağndan zərrə qədər də utanmazdı.Utanılası heç nə olmadığını anlayan “ağıllı dəli adam” “ağıllılar” içərisində “dəli” kimi yaşayar və azacıq həyatının çoxlarına ibrət olacaq hadisələrlə bol olmasına rəğmən heç kim bunlardan dərs almazdı,dərs alması lazım gələn şeylərə isə görməməzlikdən gələrlərdi... Qəribədir “ağıllı dəli adam”ın gözəl kefiyyətlərindən biri heç zaman yalan söyləməz,gələcəklə bağlı dediklərinin çoxusunun düz çıxması idi.Hətta o bir dəfə “ağıllı” adamların az qala rəğbətini qazanacaqdı, amma bu adamlar təkəbbürlük edərək “ağıllı dəli adam”ın dediyini sadəcə olaraq bir təsadüf kimi adlandırdılar və ona yenə də dəliki,dəli deməyə davam etdilər... “ “Ağıllı dəli adam”ın çoxlarına qeyri-adi görünən kefiyyətləri çoxlarının yuxusunu belə ərşə çəkmişdi.Heç kimə bir pisliyi toxunmayan bir insanın (ağıllı ya da dəli fərqi yox) digərlərini bu cür narahat edən nə ola bilərdi görəsən?Bu sualın cavabını “ağıllı dəli adam” onlardan soruşsa belə tapa bilməyəcəkdi,tapa bilməsi belə mümkün olmayacaqdı.Çünki,özlərinə “ağıllı” deyən adamlar “dəli” adlandırdıqları adama nisbətən çox-çox ağılsız idilər və bu həqiqəti içlərində qəbul eləsələr də heç zaman dillərində təsdiq edə bilməzdilər.Bu təsdiq onların məğlubiyyəti olacağından heç kim bunu edə bilməzdi,etsəydi belə o da dəli adlandırılacaq və ağıllı adamlar cəmiyyətindən tədricən təcrid olunacaqdı...(Milyonlarla “ağıllı” insanın “ağıllılar” cəmiyyətində yaşayaraq bütün ömrünü zavallı olaraq sürdüyünün,ağıllı adamlara pənah gətirərək onlardan ağıllı məsləhətlər almaq ümidi ilə yaşadıqlarının və bir gün bütün bu axtarışlarının heç bir faydası olmadığının şahidi olmuruqmu biz “ağıllı” adamlar?). “Ağıllı dəli adam” qısa ömrünün çox az hissəsini özünə həsr edərək yaşadı,bu da onun uşaqlıq illəri idi.Əslinə qalsa onun uşaqlıq illəri belə özünə həsr edilməmişdi.O,daima digər uşaqları düşünər,onların uşaq problemləri ilə maraqlanar,qayğılarına qalardı.”Ağıllı” böyük adamlar bu uşağın qeyri-adi olduğunu düşünər,onun gələcəyi haqqında təzadlı fikirlər yürüdərlərdi...Bəziləri onu “kiçik dahi”,bəziləri isə uşaqlıq psixologiyası yerində olmayan uşaq kimi qələmə verərdilər.Amma bu balaca “ağıllı dəli adam”ın bir günahı var idi,bu da onun digərlərinə nisbətən daha ağıllı,daha öngörən olması idi.Daha bu balaca uşaq nə biləydi ki,zaman keçəcək,illər üstünə illər gəldikcə onu dəli adlandıracaq,dediklərini heç kimə gərəksiz söz yığını kimi rədd edəcəkdilər...Çünki,o “ağıllı” insanlara sərf etməyən,eyblərini açıb göstərən biri olacağı üçün heç kəs tərəfindən qəbul edilməyəcəkdi. “Ağıllı dəli adam” öz-özlüyündə bircə dəfə də olsun ailə qurmaq haqqında da düşünməmişdi.Ona görə ailə qurduqdan sonra dünyaya göz açacaq körpəsi “ağıllı” ola bilər və ona heç bir xüsusiyyəti ilə bənzəməyə bilərdi.Bu səbəbdən “ağıllı dəli adam” ailə qurmaq istəmirdi və bir tərəfdən də yaxşı başa düşürdü ki,hansı “ağıllı” adam öz qızını “dəli” adama verərdi ki...Əlbəttə ki,heç kim... “Ağıllı dəli adam” insanlara hər şeyin ən yaxşısını tövsiyə edərdi,harda olursa olsun hər zaman haqqın tərəfdarı olardı.Qadınlara şəhvət gözü ilə baxmamağı,kişilərə var-dövlət üçün ərə getməməyi, tacirlərin müəyyən olunmuş məbləğdən artıq üstünə qoymamağı,yetimlərin haqqını yeməməyi,hüquq məsələlərində ədalətli olmağı və s. kimi bir çox məsələləri digərlərindən tələb edərdi və tələb etdiyi üçün də hər kəs ona qeyri-adi,dəli insan kimi baxarlardı.Necə,hansı prizmadan baxmaqları onun vecinə deyildi,bu dünyanı vecinə almayan “ağıllı dəli adam” özü bildiyi kimi yaşamaqda israrlı idi.Çünki,o sözündən dönsəydi onlar kimi “ağıllı” insan olacaqdı və “ağıllı” insan olmaq onu çox qorxudurdu...O,öz-özünə daima belə düşünərdi.”Məni qəbul etmirlər etməsinlər.Özləri bilərlər.Amma mən də onların qəbul etdiklərini qəbul etməyəcəyəm...Əgər qəbul etsəm demək mən də “ağıllı” adamlardan biri olacağam və təbii ki,belə ağıllı olmaqdansa olmamaq yaxşıdır...Yeganə təsəllim budur ki,mən onlara qalib gələ bilmədiyim kimi,onlarda mənə qalib gələ bilməyəcəklər...Yaşasın “ağıllı dəli adam” olaraq yaşamaq!”Həyatda bu şüarın nə qədər ki,”ağıllı” adamlar yaşayırlar,yaşayacaqlar heç zaman qəbul olmayacağını bilə-bilə yaşadı “ağıllı dəli adam” və ona görə bu şüardan gözəl şüar olmayıb,olmayacaqdı da... Ağıllı dəli adam” keşməkeşli həyatda nə az, nə çox cəmi otuz beş il yaşadı.Bu illər heç zaman onun iradəsini qıra bilmədi.O, doğulduğanda necə varsa, həyatada gözlərini eləcə qapadı....Yəni saf,təmiz.günahsız... 23.08.2011 2:50:55 Dahi...(Esse). Dahi...hər bir insanın ürəyindən keçən öndə gələn istəklərdən biri bəlkə də birincisidir dahi olmaq...İnanmıram, həyatda elə bir insan tapıla ki, ömründə bircə dəfə də olsun bu arzunu xəyal etməsin.Əlbəttə, dahi olmaq milyonlar üçün sadəcə bir istək olaraq da qaldığını unutmuruq.Bu ada layiq olanlar belə onun məsuliyyətindən heç bir zaman yaxa qurtara bilməyəcəklərini yaxşı anlayırlar. Çünki , bu ada layiq olanlar milyonlar içindən seçildiklərindən milyonlara örnək olmaqla da görəvlidirlər. Dahilər yer üzünə əsrdə bir, milyonda bir doğuduqlarından və yaşadıqları mühitin aynasına çevrildiklərindən daha çətin olur onlara bu dünyada yaşamaq. Çünki onlar bir evin, bir obanın deyil də, bir məmləkətin, bir olan dünyanın sorumluluqlarını üzərinə götürən qeyri-adi şəxsiyyətlərdir.Məhz bu qeyri-adiliklə onlar digərlərindən fərqləndikcə fərqlənirlər.Dahilər bu adı həyatda qazanmırlar, doğularkən bu xüsusiyyəti özləri ilə gətirirlər və bu da onların bir missiyasına çevrilir. Dahi olmaq istəyirsənsə heç bir zaman dahi olacağını düşünməməli, bu ada sahib olmaq üçün çalışmamalısan. Bu ada sahib olmaq üçün sən ona yox, o sənə möhtac olmayıncaya qədər, çalışmalı, sadəcə çalışmalı yox, eyni zamanda sözün əsl mənasında mübarizə aparmalısan. Hər etdiyin gözəl əməli, hər yazdığın maraqlı əsəri, qurub yaratdığın hər nə varsa bütövlükdə hamısını kiçik sanmalı bacarmalısan ki, gözəldən sonra ən sevimlini, maraqlıdan sonra ən heyrətamizi də tapa biləsən.Yoxsa etdiklərinin kölgəsində qalıb qürurlanmaqdan başqa heç nə edə bilməzsən, bu isə sənə heç zaman ucalıq gətirməz, əksinə səni gün-gündən ucalmaqdansa, endirər, çünki sən kifayətlənib qaldığın yerdən etibarən geri addım atmağa başlayacaqsan və bu addım səni bu addan hər gün daha da uzaqlaşdırdıqca uzaqlaşdıracaq. Dahiliyə gedən yol gərgin əmək və mübarizədən başlayır. Nə qədər istedadlı olsan yenə əməyə, mübarizəyə möhtac olduğunu unutmamalısan. Bir şeyi də unutmamalısan ki, sən dahi olmağa inadkarlığının, güclü iradənin köməyi ilə ucala bilərsən. Dahilər atdığı hər addımda belə nələri isə ölçüb-biçir, nələri isə düşünür, nələri isə,hətta özlərini belə amalları uğrunda qurban verməyə razılaşırlar. Əgər sən də dahi olmaq istəyirsənsə o zaman bir çox şeylərdən keçəcəyinə, ancaq bu yoldan dönməyəcəyinə, sona kimi əzmlə mübarizə aparacağına inanmalısan.Məhz bu inamda sənə bu yolda kömək olacaq, səni yaşamağa, yaratmağa həvəsləndirəcək, içindəki istedadın üzə çıxmasına imkan verəcək. İnamsız gedilən yollardan bir şey gözləmək dahilərə məxsus olmayan xüsusiyyətdir və sən də dahi olmaq istəyirsən sə inamlı,cəsarətli,əzmkar,mübariz ol, Əgər bütün bunlar sən də varsa o zaman yola çıxmağın məsləhətdir, bu yolun səni işıq gələn tərəfə aparacağndan əminəm...Mənə isə ”Yaxşı yol” demək düşər , elə isə “Yaxşı yol”... 12.09.2011 2:24:21 Ölümqabağı düşüncələr. Son kərə zilləmişdi gölərini saysız-hesabsız ulduzların tamaşasına və son dəfə ulduzların bu qədər uzaq,əlçatmaz olduğunu anlayırdı.Son dəfə ulduzlarla böləcəkdi bir ömrün hekayətini,yaşantısını və sanki,son dəfə etiraf edəcəkdi ulduzlara səhvlərini,yalnışlıqlarını və bu səhvə doğru aparan səbəblərin inanılmazlığını. Əlləri ovucunda lal-dinməz dayanaraq,nursuz gözləri ilə sayrışan ulduzları yenədə nəzərdən keçirərək,dilində nə isə pıçıldayırdı.O,nələri isə pıçıldayaraq,nələrinsə ömrünə gizli gəldiyini,nələrinsə ömründən vaxtsız getdiyini düşünürdü və bir ömrün son akkordlarını vururdu ürəyi.O ürək ki,bir ömür boyu sevmişdi,nifrət etmişdi,sevməyi də ,nifrət etməyidə öyrənmişdi həyatdan.Adam yaradılışın bu qədər gözəl olduğunu sanki heç duymamışdı əvvəllər,duymuşdusada bu qədər hiss etməmişdi bəlkə də. Adam ulduzlarla ünsiyyət qura-qura son dəfə ilham deyilən bu müqəddəs nemətin əsrarəngliyindən bəhrələnirdi,faydalanırdı.Necə deyələr ölümqabağı yenə də onu tək buraxmamışdı,ona ölümünə kimi sadiq qalmağa çalışmışdı.O ilham ki,bir ömür boyunca onu bir an olsun belə tərk etməmişdi,istər quruda,istərsə suda,istərsə də havada,harada olursa-olsun tək ilham olmuşdu onun ən sadiq,ən etibarlı dostu.Bəzi vaxtlar onu tənha qoymuşsada,bu müvəqqəti bir ayrılıq olurdu və ondan uzunmüddətli küsməmişdi ilham.İlham da yaxşı bilirdi ki,bu adam onun dəyərini bilir,ondan layiqincə istifadə etməyi bacarır.O ilham ki,adamı ulduzlara belə aparardı,kainatın hər bucağında xəyalidə olsa gəzdirərdi onu,gəzdirə-gəzdirə həyatı,yaradılışı sevməyi öyrədərdi.Ona kainatın necə bir gözəlliyə sahib olmasını və bu kainatın içində kiçik bir zərrə olan insanında necə gözəl yaradıldığını bir daha anladardı ona...Ona öz qiymətini bilməyi,verilən ömür payını ucuz tutmamağı,bir sözlə özünü tanımağın həyatda ən böyük nailiyyət olduğunu bir daha sübut etməyə çalışardı...(İnsan özünü yaxşı tanıyanda daha gözəl olar elə deyilmi?). Bu gecə...məhz bu gecə bu adamın qismətinə düşən ömür günlərinin son gecəsi olacaqdı...Bir sonluqla yanaşı əbədiyyətin qapıları açılacaqdı bu adamın üzünə.Məhz bu yerdə adam öləcəyini,son dəfə bu əvəzedilməz gözəlliyi seyr edəcəyini düşünə-düşünə üzündə anidən bir təbəssüm sezildi,bu sevinc təbəssümü idi.Nədən doğdu bu təbəssüm,necə oldu ki,öləcək bir insanın üzündə səbəbi bilinməyən bir mehribanlıqla dolu sevinc təbəssümləri yarandı? Adam bu sonun heç də son olmayacağını,bu sonun özüylə sonu olmayacaq bir başlanğıcın gətirəcəyini fikirləşərək sevindi elə bil.Bayaqdan ulduzları narahatcasına seyr edən hal-əhvalından bir nişanə belə qalmamışdı daha.O,anlamışdı.Ən böyük həqiqəti dərk eləmişdi.Dərk eləmişdi ki,kainat və ümumiyyətlə hər nə varsa hər şey onun varlığından xəbər verir.Bir gündə hər nə varsa yenidən ona qayıtmalı və əbədi sonsuzluğa qovuşmalıdır.Kimlər üçünsə bu əbədi sonsuzluq zəhər qədər acı,kimlər üçünsə bal qədər şirin olacaqdı.Adam hələ heç zaman bu haqda düşünməmiş və düşünməyi belə heç ağlına gətirməmişdi.Adam ən yaxın dostu olan ilhamın belə Allahın ən sevimli bəndələrinə verdiyi bir nemət olduğunu düşünərək rahatladı və sanki,mələklər də ona ilham vasitəsilə demək istəyirdi ki,əbədi yolçuluğun son dayanacağındasan və bu dayanacaq sənin kimiləri üçün çox rahat olacaqdı və sən bu gcə ona,rəbbinə qovuşacaqsan. Adam son dəfə gözlərini göylərə,ulduzlara yönəldərək sevinc dolu ifadələrlə rəbbinə olan şükrünü bildirdi və adam pıçıldayaraq nə isə deməyə başladı və deyəsən bir zamanlar əlçatmaz kimi görünən əbədiyyətə qovuşmağın bir addımlığındaydı... 2009 Gözləri çıxmış ölüm...(26 fevral Xocalı soyqırımında şəhid olanların əbədi ruhuna ithaf edirəm). Ölümün gözləri çıxmışdı,vəhşicəsinə öldürülənləri görə bilmirdi.O gecə şəhərin dörd bir yanı qorxunc kabusların məskəninə çevrilmişdi.Hər tərəfdə başsız bədənlərin,bədənsiz başların tükürpədici görüntüsü insana insanlıqdan bu qədər çıxmasını anladırdı.Havanın ölüm qoxuması,bayquşların belə canına vəlvələ salmışdı.Bayquşlar insanın bu qədər qəddarlıqla öldürülməsini görməmişdi,ya da görəcəyini belə heç ağlına gətirməmişdi.Ruhların bir-birinə qarışdığı məkanda,zaman belə öz yerində donub qalmışdı,heyrətindən nə irəli,nə də geri çəkə bilirdi əqrəblərini.Saniyələr belə işləmirdi ölüm qoxulu şəhərdə.Göz yaşları qana dönmüşdü,dünyaya barışı səsləyən göyərçinlərin.Barış adlı səslənişin heç bir faydası toxunmamışdı insan adı daşıyan “insancığazlara”.Barış bu qədər rəzalətə düçar olmamışdı dünya yaranandan bəri.Yarasalar öz yolunu itirmişdi bu gecə,adi gecələrdə görməyə-görməyə heç bir maneə olmadan uçan yarasalar.Bu gecə o gecələrdən deyildi,cəhənnəmdən qorxunc bir mənzərənin təsviri idi.Ölülərin canı olsaydı danışardı nələr çəkdiklərini cisimlərinin.”Qisas qiyamətə qalmaz”demişlər,amma qisası qiyamətə qalmışdı ölülərin.Heç zaman dərdlərini danışa bilməyəcəkdi ölülər.Sonsuz sayda canlar alan ölüm heç zaman bu qədər də yorulmamışdı can almaq vəzifəsinə keçəndən bəri.Gözləri çıxmış ölümün görə biləcəyi heç nə qalmamışdı.Gördüyünü görmüşdü artıq bir gecənin içində.Gördüklərini görmək istəməsə də görmüşdü.Ölüm belə məyuslaşmışdı insanların bu dərəcədə vəhşiliyindən dolayı.Öldürənlərin öldürülənlərə etdiyini ölüm belə etməzdi heç zaman.Amma insan olmadığını bir daha göstərdi insan olmayan “insancığazlar”. 23/00 17.04.2011 Labirint dünyanın Sevgi bucağı...(Esse). Hardadır o bucaq? Milyon illərdir axtara-axtara tapa bilməyirik o bucağı biz. Kor işığa həsrət qalan qədər həsrətik o bucağa. O bucağın varlığı utopik görünür bizə. Bəzən nağıllarda, bəzən xəyallarda arayırıq, tapa bilmirik ki, bilmirik. Tapa biləcəyimizə də ümidimizi üzürük çox zaman. Nə bilək bəlkə də bir addım ona yaxınlaşdığımız zamanlar da olub, amma hiss etmədən, duymadan uzaqlaşmışıq o bucağın ətrafından. Bəlkə də qapımızın ağzında saatlarla gözləmiş bizi, biz isə eşitməmişik qapımızın dəfələrlə döyüntüsünü. O özü bizə öz ayağı ilə gəlmişkən, biz özümüz onu uzaqlaşdırmışıq özümüzdən. Nə bilim o qədər bəlkələr var ki, bəlkə də elə bəlkələr unutdurub bizə o bucağa yetişməyin yollarını və ona görə də şübhələr içində itib-batdığımızdan itirmişik özümüzü, o bucağı, o bucağın mövcudluğunu. Bax beləcə hər an zərrə-zərrə özümüz də bilmədən yadlaşmışıq ona və o da bizə doğma gözü ilə baxmayır daha. Sahildən uzaqlaşdıqca necə dalğalar içində batırsa insan bax bizdə eynən məhv oluruq beləcə. Onunla aramızda olan körpü bir ümid işığı düşməyəcək qədər zəiflədikcə məğlubiyyətimizin təməli qoyulur əslində. Bu məğlubiyyət başqalarına bənzəməyəcək dərəcədə sarsıdıcı olacaq və insan o zaman anlayacaq məğlubiyyətinin böyüklüyünü və bu böyüklük ona öz kiçikliyini göstərəcək. Bir zaman edə biləcəklərimizi etmədiyimizdən, zamanla edə bilməyəcəklərimiz çıxacaq qarşımıza və bu zaman öz acizliyimizi anlayacağıq dərindən. O zaman qədrini biləcəyik o bucağın, amma o zamanda artıq gec olacaq və əbədi itirəcəyik o bucağı, daha düşünmək belə yersiz olacaq ona yetişməyin yollarını. Nə qədər hələ tamamilə bağlanmayıb o yollar o bucağı tapmaq üçün daha inadkar,daha mübariz olmalıyıq. Bu gün, bu gündə yox, elə bu saniyədən etibarən cəhd etməliyik. Bu an heç zaman gec olmayıb, sadəcə bu anın və bütövlükdə hər anın dəyərini bilməklə qovuşa bilərik o bucağa. O bucağın adı Sevgi, sevginin məkanı isə o bucaqdadır. Sevgi günəş kimidir, sadəcə onu görmək üçün qara buludları qovmaq lazımdır gözlərimizin önündən və o zaman günəşlə gözlərimiz arasında məsafənin olmadığının fərqində olacağıq. Həqiqət olan şeyləri xəyal kimi yox, məhz həqiqət olaraq qəbul edə biləcəyimizdə, o zaman həqiqət günəşi parlayacaq ürəyimizdə.”HƏQİQƏT SEVGİDİR, SEVGİ HƏQİQƏT!” bu yol o bucağa gedən ən gözəl vasitədir. Bu vasitəni itirməmək öz əlimizdə olduğu kimi, onu itirmək də öz əlimizdə olduğunu unutmamalıyıq. Ən əsası “qırmızı” işıq yanmamışdan öncə yetişməliyik ona, əks halda qəbul etməyəcək o bucaq bizləri. 20.10.2011 1:15:10 YAZMAQ ... Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu anlamasıdır yazmaq. Hər kəsə nəsib olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu. Zamanından, məkanından asılı olmayaraq o səni haqladısa əsirinə çevrilir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi. Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. Əgər yanar qəlbin, hər şeyi duyacaq istedadın yoxdursa axı necə qavraya bilərsən nədir yazmaq. Sən onun əsirinə çevrildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq. Yalnız üzdə deyil, onu içdə hiss eləməyi, nazı ilə oynamağı sevəcək qədər ərköyündür – yazmaq. Şıltaqlığına dözə biləcəyin qədər sənə böyüklük gətirməkdə əsla xəsis deyil – yazmaq. Bəzən bilinməyəcək səbəbdən uzaqlaşıb yan qaça da bilər , günlərlə, aylarla, hətta illərlə də gözləməyə məhkum edər səni və sən gözləyə-gözləyə ondan həmişəlik ayrıldığını düşündüyün zamanda anidən döyülər ürəyinin qapısı və sən onu bu qapıdan daxil edəndə bir ömrün yükünü çiyinlərindən atdığını sandığın dərəcədə xoşbəxt olmaq xoşbəxtliyini bəxş edər sənə – yazmaq.Nəticədə bəzən illərlə düşündüyün mövzunu, aylarla yaza bilməməkdir – yazmaq arzusu. Onun gəlişinin zamanını ondan başqa kim bilə bilər ki? Və bəzən hər şey dediklərimin əksinə də çevrilib, səni deyil günbəgün, addımdaaddım izləyə də bilər yazmaq və sən onunla ruhla can kimi yaşayarsan zamanı. Heç nəyin səndən yox, məhz ondan asılı olduğunu, sənin onu gözləməyinlə yox, onun səni yaxalamağıyla bağlı olduğunu unutmamaqdır sadəcə. Və bunu unudanlar sadəcə yazmaq üçün çabalaya – çabalaya keçirərlər həyatı və sonda nə yazıları əbədiyyətə qovuşdurar onları, nə də onlar yazdıqları ilə öyünə bilərlər. Səni səndən alıb özündə anlamadığın məkanlara götürə bilmirsə düşüncələrin o zaman səhrada su axtarırcasına boşuna zaman xərcləməkdir – yazmaq. Torpaq su ilə becərildiyi kimi, yazmaq da istedadla yetişib, duymaqla yaşanar və o zaman sözünü deməklə hünər göstərməyə qabil olar insan. Nələri yaza bildiyindən asılı olmayaraq, nələri yaza bilmədiklərin düşündürməlidir səni və sən düşüncələrinlə fəth edə bilərsən zamanla yaza bilmədiklərini. Zaman hər şeyin açarı, açar isə zamanın dərinliklərində gizlənən sirli bir vasitədir. Bu vasitədən istifadə etməyi bacaranlar nail ola bilər istədiklərinə. Sonda sonu olmayan sonsuzluqda əbədi səadəti axtarıb tapa bilməkdir – yazmaq. 28.10.2011 23:52:21 Atılmış mələk. ( Gecə barlarında cəhənnəmi yaşayan günahsız qadınların əziz xatirəsinə ithaf ). I Atılmışdı. Bir “saf” bildiyi sevgilisinin amansız tuzağına düşmüşdü Mələk. O gecə olanların necə baş verdiyini özünə belə inandırmaqda çətinlik çəkirdi. Ehtirasınmı qurbanı olmuşdu, ya bir xoşbəxt ailə qurmaq arzularımı tutmuşdu gözünü. Hər nə isə olan olmuşdu artıq, yayından çıxmış oxu kim qaytara biləcəkdi. Bir tək kiçicik kağız parçası qalacaqdı “saf” bildiyi sevgilisinin gedişinin ardından. “ Səni məhz bu gecə üçün xəyal edirdim və bu gecə sənlə mənim aramızda olan ilk və son gecə olacaq. Məndə sənə qarşı sevgi yox, sadəcə bir ehtiras, bir şəhvət oyanmışdı içimdə və sonda istəyimə çatdığımdan dolayı olduqca xoşbəxtəm. Səhər sən bu sətirləri oxuyan zaman mən uzaqlarda, çox-çox uzaqlarda olacağam və bir daha qarşılaşacağımıza belə ümid etmirəm. Əlvida! Bu sətirləri oxuduqca yeddi dəfə ölüb-dirilmişdi Mələk. Hara getsə, kimə getsə bağlanacaqdı üzünə qapılar, damğalanacaqdı və bu gözəl adın sahibi ömürlük lənətlənəcəkdi. Bütün bunları düşündükcə daxilində bir titrəyiş yaranır, gözlərindəki yaş leysan kimi axa-axa süzülürdü yanaqlarından. Getdiyi yerlərdə, döndüyü küçələrdə, izdihamlar içində bir tək onu axtaracaqdı Mələk. Əlində olan vur-tut on manatı yeddi gün xərcləyəcəkdi sadəcə. Bəs sonra, sonra nə edəcəkdi dalğalar içində boğulan adam. Hadisədən keçən dörd gün ərzində çox şeyi fikirləşmişdi, çox götür –qoy etmişdi. Bir əlac yolu tapa bilməmişdi. Bir o murdar işi düşünməmişdi hələ. Ancaq onu da düşünməyinə çox az zaman qalırdı və zaman onu o işə doğru aparırdı. Bir zaman adı Mələk, özü mələk olan bu insandamı o şeytan əməlinə üz tutacaqdı. (Ətiniz ürpəşirsə demək hələ yaşayır vicdan, kor olmayan gözlər var demək). Mələklərin şeytana möhtac olmasından daha betər olası bir şey varmı dünyada. Yox,əlbəttə ki, yox, ola da bilməz, olması belə mümkün deyil... II Zaman 2011 in bir yaz səhəri. Məkan Bakının gecə barıarından biri. O barlardan biri ki, səhərə kimi ulayırdı “musiqi”lər, atılıb-düşürdü fahişələr, bərəlmiş gözləri ilə “kişiliyindən” zövq alırdı kişiciyəzlər. Siqaret tüstüləri, içki qoxuları, dəyişkən işıqları ilə cəhənnəmi xatırladan, adını çəkməyə belə dilim gəlməyən gecə barlarının birində bir zaman mələk olmuş bir qadın da yaşayırdı bu cəhənnəm həyatını. O həyat ki, ona “sevgili”sindən ərməğan edilmişdi, təsəvvür edirsiniz sevgilsindən. Necə də qəribə səslənir deyilmi? O, sevgili ki, bir daha heç zaman onunla qarşılaşmayacağını yazırdı son məktubunda. Hər sözü bir insan öldürən sətirlərində. İllər ötmüş, Mələk də, o da bir xeyli yaşlaşmış olsalar da yenə bir- birini tanıya biləcəkləri qədər cavan idilər hələ və tale o “saf” sevgilini özü- öz ayağı ilə gətirmişdi Bakının gecə barlarının birinə. Öz fahişəsini gözləyirdi o “saf” sevgili, XXI əsrin saxta məcnunlarından biri. Və zaman yetişdi daxil olduğu iki nəfərlik otaqda qarşısına çıxacağı fahişənin o qadın olacağını heç zaman güman eləməzdi bəlkədə, bəlkə də heç güman etməmişdidə. Gözlərinə inanmasalarda artıq hər ikisi inanmışdı buna və yuxu kimi anın mövcudluğuna. Bir müddət sükut çokmüşdü araya və sonra oğlan yalvarmağa başlamışdı, etdiyi əməlinin alçaqlığından dolayı üzr istəmək, yalvarmaq nəyi dəyişəcəkdi ki. Və sonra Mələk özü son dəfə məhz burda, bu gecə barlarının birində hər şeyə son qoyacaq və ürəkləri yandıran bu sözləri deyəcəkdi “saf” sevgilisinə. “Səni adam bilmişdim, adam bildiyim üçündə inanmışdım sənə, qəlbimi vermişdim, sevmişdim səni, demə heç sevilməyə dəyməyəcək qədər alçaq, əclaf imişsən sən. İndən sonra min dəfə yalvar, üzrxahlıq elə. Axı bunlar nəyi dəyişdirəcək ki, yoxsa nələrinsə dəyişə biləcəyinə inanırsan hələ də. Adım ömürlük damğalanmış, qaytar mənə adımı, namusumu qaytar. Ötən günlərimin səadət dolu anlarını qaytar. Bir bakirə qızcığazın ümid dolu arzularını qaytar. Bilirəm qaytara bilməyəcəksən və bunun üçün də daha səndən istəniləcək heç nəyim yoxdur. Məni bir daha görməyəcəyini düşünürdün, amma indi pis yer olsada burası özün-öz ayağınla gəlmisən görüşümə. Burası sənin kimilərin bədbəxt elədiyi onlarla qadının son ümid yeri, cəhənnəm məkanı. Məni, mənim kimi zavallıları buraya sürükləyərək məhv etməklə kişilikdən dəm vuran kişiciyəzlərlə doludur bu məkan. İndi isə son qərarı da mən verəcəyəm sən yox. Rədd ol, rədd ol gözlərim önündən ki, bir fahişə qadından daha alçaq olan birini görməsin gözlərim”. Və hər şey bununla bitəcək, illərlə çəkdiyi acısını azacıq olsa belə azaldacaqdı Mələk. Ürəyindən keçənləri o ki var deyəcəkdi “saf” sevgilisinə. “Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmü, tanışlıqmı daha nələr, nələr. 16.11.2011 23:22:20 Habil Yaşar. Baş hərfi “ ” . “” – ümid dolu gəncliyimin pıça çıxmış arzularının qatili. Ömrümün ən şirin anlarını acıya çevirən ilanların ən zəhərlisi. Əlifbada ən çox mənə səni xatırladan baş hərfi “” olan amansız sevgilim. Hər nə desəm azdı sənə, sən ey rəhmsizlər, rəhmsizi. Yox bəlkə də heç zaman, bir ömür boyunca oxumayacaqsan sənə yazdıqlarımı, giley dolu hekayəmi. Və ya varlığımdan, yazılarımdan xəbərsiz yaşayacaqsan gələcəyini. Bir dəfə də yadında düşməyəcəyimi düşünürəm, çünki sənin xasiyyətinə yaxşı bələd olduğumdan deyirəm bunları. Qışqırsam eşitməyəcək, yazsam oxumayacaq, ağlasam duymayacaq, ölsəm ağlamayacaqsan. Bilirəm bütün bunların heç bir dəyəri yoxdur sənə, çünki sən sənə qiymət verənlərin qiymətini anlamayacaq qədər xudbinsən. Yeddi il bundan öncə necə idinsə eləcə də qalmısansa acıyıram sənə həyat yoldaşım deyən (rəqibim olmağına rəğmən) o insanın gününə. Yox yəqin ki, burda yanıldım, nə bilim bəlkə o səndən də betər xudbinin biridir, sən onun yanında toya getməli biri imişsən. Hər halda fərziyyələr çox ola bilər, ancaq bir həqiqət var ki, sən hər hansı bir kişinin xanımı, qadınısan. Sənə yalnız və yalnız xoşbəxtlik diləməyə çatır gücüm. Mən qarğış üçün yox, alqış üçün yarandığımdan məndən ancaq bunu gözləyə bilərsən. “ ” – bilirəm oxumayacaqsan yazdıqlarımı. (Ancaq unutma ki, mən bir yazaram, dərdlərimin yazarı. Sənsiz yaşaya bildimsədə, yazmasam yaşaya biləcəyimə inanma. Həyatda ən etibarlı dostum ilhamımdır, çünki məhz o kədərimdə, sevincimdə mənimlə qoşa addımlayır, heç zaman məni tərk edib getmir, uzaqlaşmnır yanımdan). Sən oxumasan belə minlər, bəlkə də milyonlar oxuyacaq yazdıqlarımı, çünki hər kəs özünü tapacaq yazdıqlarımda.Çoxları bəlkə də öz vəfasız sevgilisinin baş hərfini yazacaq sənin baş hərfin olan “ ” nin yerinə. Bir tək sən oxumayacaqsan, xəbərsiz qalacaqsan yazdıqlarımdan. Qəribədir deyilmi? Axı bir zamanlar ilk oxucusu sən idin hər nə yazırdımsa, qəzet oxumayan sən mənə görə izləyirdin ədəbi mətbuatı.( özün filologiyada oxumağına rəğmən.İnsafən bunu da deməliyəm. ”Sən əlaçı idin, sözün əsl mənasında əlaçı.Sənə qrup yoldaşlarım oxumağına görə həsəd aparanda, mənsə sənə qovuşmaq üçün alışırdım”). Mənə görə ilk dəfə Yazıçılar Birliyinə ayaq basmışdın, axı o gün, mənim ikinci kitabım olan “ Məni Sevgi Yaratdı” kitabımın təqdimatı idi. Bir tək gözüm səni gəzirdi onlarla insanaların arasında, görkəmili yazıçılar, şairlər, qohumlar, dostlar arasında bir tək sənə görə həyəcanlı idim, çünki təndiq edilsəydim məhz sənin yanında utanacaq, qızaracaqdım. Şükürlər ki, yanında bir o qədər də acizləşmədim o gün. Tənqidlərlə yanaşı tərifləndim də. Nə bilim bəlkə səndə qürurlanmışdın, axı sənin sevgilinin kitabının təqdimatı idi. Onu hər gün intizarda qoymağına rəğmən, o səndən bir an olsun belə ayrılmaq istəməyən aşiq idi. Deyəsən səni şikayət edə-edə özümü də təriflədim bir az. Heç yaxşı çıxmadı.Yoxsa son illər ərzində mən də xudbinləşmişəm. Yox bu ola bilməz, ona görə ola bilməz ki, bir şair heç zaman xudbin ola bilməz, kim nə deyir desin, mən şairlərin xudbin ola biləcəyinə inanmıram. Hə, nə isə uzaqlaşmayım sənin atmosferindən. Hər necə olsa sənin havanın da öz gözəlliyi inkaredilməzdir. Çünki, sənin havan mənə ilham vermiş, dərin - dərin düşünməyimə səbəb olmuşdur. Amma nəticədə heç bir şey səni qaytara bilməz. Sən elə sənsən. Üzərimə səni yazılarımda yaşatmaq düşür sadəcə və inanıram ki, sən o yazılarda sonsuzadək yaşayacaqsan. Çünki hər şeydə bir az sən varsan və sən olan hər şey gözəldir, əvəzsizdir. Sənə aid “şah əsər”imi nə zaman yazacağımı bir ulu tanrıdan başqa heç kim bilmir. Baş hərdi “ ”- indi bilmirəm haralardasan. Azacıq eşitmişəm ucundan-qulağından. Eşitmişəm ki, ailəlisən, bir qızın var, işləmirsən.( Təəssüf ki, o qədər oxumağın sonunda işsizsən. Bəlkə, həyat yoldaşın razı deyil işləməyinə, yaxud ehtiyacın yoxdur işləməyə. Çox şey düşünmək olar , ancaq nəticədə işsizsən). Xoşbəxtsənmi, yaxud əksinə. Hər nə olursan ol onsuzda həyatda hər şey nisbidir Eynşteyn misalı. Baş hərfi “ ”- aradan yeddi il keçib. Düşünürsən 7 il, zarafat deyil, bir igidin ömrü deyib babalar. Həyatımda nələr olub keçib saymaqla qurtarmaz “ ”. Uğurlarım da olub, itirdiklərim də. Ən başlıcası səni itirmişəm, bundan sonra itiriləcək nəyim var ki...Hər nə itirsəm yenə sənin yoxluğunun yanında heç nə olacaq. Bu yaxınlarda üçüncü kitabımın nəşrinə hazırlaşıram, xəyal edə bilmirəm sənsiz keçiriləcək kitabımın təqdimatını. İnanmazsan bəlkə də, yazarkən nələr keçirdiyimi. Qələmlə yazmıram deyəm ki, mürəkkəb yerinə qanımla yazıram “ ”. İndi artıq çoxları kompyuterdə yazmağa adət edib, axı biz yazarlarda zamanla ayaqlaşmalıyıq.( ancaq mənə görə qələmlə yazmaq daha gözəldir). Ay səni qolu-qanadı qırılmış həyatımın səbəbkarı. Bilirsən kimlərsə xəbər verə də gələsən o təqdimata, yaxud yuxunda qeybdən xəbər verələr sənə təqdimatın keçiriləcəyi məkanı, tarixi. Nə olar bilirsən, düzü mən də bilmirəm nələrin olacağını, nələrin yaşanacağını. Bir onu bilirəm ki, o baş versə heç nə əvvəlki kimi olmayacaq həyatımda. Həyatım 180 dərəcə bucaq altında dəyişəcək istiqamətini. Ax bir gəlsən...Yenə yeddi il öncəki kimi səni düşünəcək ürəyim, səni axtaracaq gözlərim. Səni, səni, səni baş hərfi “ ” olan sevgilim. Sən gəlsən kölgəndən belə tanıyaram varlığını, saçlarının ətirindən anlayaram iştirakını...Ax xəyallar, xəyallar bir gərçək olsa, olsada olsa. Baş hərfi “ ” sonda sənə yeddi il öncə yazdığım şerdən iki misranı xatırladıram, bunu ömür boyu xatırladacam sənə. Məni istəsən də, istəməsən də, Mənim olacaqsan şerlədimdə. Hə sevgilim mənim olacaqsan. Cismani qovuşmasamda sənə ruhən əbədi mənimsən, mənim olaraq da qalacaqsan. Bu ruhu heç kim məndən ala bilməz, hətta ölümün özüdə. Çünki mən bütün ruhumla sənə bağlıyam, sən mənim içimdə görünməyən bir mənsən. Bütün bu mənlərimlə sən mənimsən, mənimsən. 10.12.2011 1:06:06 Yoxluğumun Varlığı...(05.12.2011 2:08:41) Susdum ___bacara bildiyim və bəlkə də bir azda artıq qədər susdum...Susdum ki, belə daha məsləhətmiş deyə düşündüm öz- özümə. Həftələr ayları, aylar illəri itələdi bir-birinin ardı ilə. Və zaman ehtimal edə bilmədiyim qədər tez keçdi, elə keçdi ki, bir yarpağın yanıb kül olması qədər tez. Susmağım yoxluğum yox, yoxluğumun varlığının bir əlaməti idi, çünki mən yoxluğumda da var idim və yoxluğum gözlə görünə bilməyəcək qədər varlıq idi. İllər sonra yoxluğumun varlığında özümü tapa bildiyimdə sevindim. Sevindim ki, yoxluğumda varlığım unudulmayıb, varlığında yox olanlardan olmayacağam. Susdum___ancaq bir an belə itirmədim həyat eşqimi, yaşamağa, yaratmağa olan sonsuz məhəbbətimi. Daima nələrəsə, nələri isə etməyə çalışdım. Hər nə etdimsə az gördüm, aza qane olmadım. Hər nə etdimsə susaraq etdim, sükutla yola verdim yoxluğumun varlığını. Özümdən danışdırmadan yaşamağı bacardım, yaşadım ki, sadəlik daha gözəldir. Sadəliyimdə tapdım yoxluğumun varlığını. O varlıq ki, əbədi yoxluqdan azad edəcək məni və bir gün bu dünyada olmayan zaman belə unutdurmayacaq yoxluğum varlığımı. Yoxluğumla varlığım arasında heç bir məsafə olmayacaq, çünki mən yoxluğumda da var olacağam... (05.12.2011 2:08:41) Bir ruhun yazdıqları... “Fantastik-həqiqət hekayəsi” Hə...deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışıb həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsəm də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək. Yazmaq ruh halı ilə bağlı olduğu üçün, məzara getməyən, çürüməyən yeganə nemətimdi. Mənə yalan dolu dünyadan qalan yalnız o oldu, digər hər şeyim torpağa qarışıb , yavaş-yavaş çürüməyə başlayır. Artıq yeddi gündür ətimi böcəklər, qurdlar yeməklə məşğuldur. Onları da qınamıram. Axı onlar da canlıdır. Onlar da yaşamaq üçün nələri isə yeməlidirlər, insan əti olmağına rəğmən. Ancaq bir tək ruhumdakı, fitrətimdəki bu nemət mənimlə yoldaşlıq edir, o əbədi olaraq mənimlə yaşayacaqdır. Nə isə, məqsədim yasım və ölümümü təsvir etmək yox, ruhumun ölümdən sonrakı halı ilə bağlıdır. Yuxarıda yazmaq ehtirasımın gücündən dedim, indi də ölümümün yeddisi günü ruhumun başına gələnlərindən danışmaq istəyirəm. Əvvəl ruhum xeyir-şər məclisini dolaşıb dirilərin mənsizliyini müşahidə etmək istədi. Təbii ki, heç kəs məni görmürdü, görə də bilməzdi axı mən var ola-ola yoxdum, yoxdum deyəndə də düz çıxmır vardım, amma onlara görə yoxdum desəm daha yerinə düşər. İnsanalrın məclisdə oturub nə danışdıqlarını dinləmək istədim öncə. Haqqımda yaxşı danışanlar da, pis danışanlar da oldu. Qonşumuz Əli dayı digər tanışlara: “ Rəhmətlik cavan getdi, olduqca yaxşı insan idi. Bir kimsəyə pislik etməz, bir kimsədən də qeybət etməzdi. Pisliyə qarşılıq yaxşılıqla cavab verərdi. Qədərindən artıq sadə idi, utancaqlığını demirəm hələ”. Bu sözləri eşidən ruhum Əli dayıya sonsuz minnətdarlığını elədi, təəssüf ki, o bunalrı eşitməyəcəkdi, çünki yaradan bunu öz sirri olduğundan kimsəyə bildirməmişdi, hətta öz sevgili dostu peyğəmbərinə də. Məclis davam edir, yavaş-yavaş söhbətlərin mövzusu da dəyişirdi. Hərə öz dərdindən, işindən-gücündən danışmağa başlamışdı. Başda əyləşən molla da elə hey danışırdı. Çox zaman danışığını dinləmirdilər də. Hərə öz hayında idi. Heç on dəqidə olmazdı ki, buradan çıxıb öz əvvəlki evimə getmək istədim. O evdən ki, yeddi gün öncə cənazəmi götürmüşdülər və məni son mənzilə yola salmışdılar. Əslində məni yox, mənə aid olmayan cismimi götürmüşdülər, ruhum öz yerində idi. Anam-atam ağlayıdrı, ancaq mən bunun günah olduğunu düşünürdüm o zaman. Qışqıra bilsəydim susmaqlarını deyərdim. Evimizə qapının düz yanına çatanda ağlaş səslərindən qulağım demirəm, axı artıq cismim yoxdu, ruhum titrədi. Bir balasını itirən anam yerə-göyə sığmırdı. Düzü ən çox anama acıdım. İki mənada acıdım ona. Birincisi ayrılıqdan yandığı üçün. İkincisi mənim indiki dünyada xoşbəxtliyimdən xəbərsiz olduğu üçün. “Mən indiki dünyada necə də xoşbəxtəm” demək istədim anama, ancaq nə fayda səylərim nəticəsiz qalacaqdı.Axı mən sadəcə ruhdum. Dili, ağızı olmayan, fəqət zamansızlığa, məkansızlığa malik olan bir ruh. O ruh ki, insanı insan edən sirli bir varlıq. Yavaş-yavaş dəhlizdən keçib mətbəxə daxil olarkən ruhum bilgisayarımı gördü. Sevə-sevə işlətdiyim, əzizlədiyim o cismani cihazı. Bilgisayarı açıb ora öz düşüncələrimi yazmaq istədim. Sonra bunun mümkünsüz olacağını düşündüm, amma bütün enerjimi yığıb onu aça biləcəyimi də unutmadım. Elə bu dəmdə evdəkilərin aşağı düşəcəklərini eşitdim. Əlimə fürsət düşmüşdü və bu fürsəti dəyərləndirə bilməsəm o zaman günahkar özüm olacaqdım. Az sonra ev dirilərdən tamamilə boşaldı və mən ruhumla tək qaldım. Bilgisayarı açmaq üçün bütün enerjimi topladım və istəyimə nail olduqdan sonra olduqca sevindim. Axı düşünəcəklərim itməyəcək yenidən yazılacaqdı və sonradan bilgisayarı açan zaman yazdıqlarımı görəcəkdilər, oxuyacaqdılar. Demək mən bir yazar olaraq hələ də yazmaq qabiliyyətimi itirmədiyimi dirilərə sübut edəcəkdim.”Word” proqramını açdıqdan sonra ilk işim düşüncələrimi toparlamaq oldu və az bir zaman ərzində onları yazmağa nail oldum. Bundan sonrakılar “Bir ruhun yazdıqları” adı altında dünyaya yayılacaq, bəlkə də milyonların marağına səbəb olacaq, elmdə yeni bir dönəmin başlanğıcına gətirib çıxaracaqdı. ¯¯¯ Mən ruham. Yeddi gün öncə dünyasını dəyişmiş gənc yazarın ruhu. Sizə görə ölmüşəm, mənə görə isə mən əbədi olaraq dirilmişəm. Sizdən mənə heç nə qalmadı, məndən sizə qalacaqlar da fanidir. Sizə görə mənsizlik ölüm qədər acıdır, mənə görə isə ölümün heç bir acılığı yoxdur. Görürsünüz mən necə də dəyişmişəm. Məni heç kim ölüm bacaran qədər dəyişə bilməzdi. Nə anam, nə atam, nə də hər gün saçlarını tumarladığım biricik sevgilim. Nə də bütün bunları mənə bəxş eləyən həyat. Həyatdakı bütün sevinclər, kədərlər, problemlər, düşüncələr. Heç nə. Mən sizin dünyanızda olduğundan milyon dəfə daha səmimiyəm. Bütün bunları belə başladım ki, biləsiniz. Biləsiniz ki, sizin dünyanızda heç nə ölüm qədər təsirli deyil və indiki dünyam qədər gözəl deyil. Ruhumun varlığını daha çox indi duya bilirəm. İndi duya bilirəm həqiqətin varlığını. Hər kəs ruhuna bağlıdır amma, heç kəs bu bağlılığı mənim öncəki dünyamda tam yaşaya bilmir, tam nədir heç milyonda birini desəm yenə azdır. Gec-tez hamınız anlayacaqsınız ruhun nə demək olduğunu. Mən sadəcə azacıq məlumat vermək üçün yazıram yaza bildiklərimi. Yaza bilmədiklərim daha çoxdur. Çünki zaman azdır, sizlərin evdə olmadığı zamanı deyirəm. Siz evdə çox olursunuz və mən də həmişə yaza bilməyəcəm. Düşündüklərimi də sizə çatdıra biıməyəcəm. Mənə verilən bu az zaman icazəsini dəyərləndirə bilmək üçün çalışıram. Hər nə yazacamsa qənimətdir. Mən sizin dünyanızda bir an belə tamam xoşbəxt ola bilmədim. Maskalanmış insanalr, itirilmiş dəyərlər, ölmüş vicdanlar, süni təbəssümlər arasında necə xoşbəxt ola bilərdim axı? Hər gün internetdən, televiziyadan eşitdiyim qan xəbərləri, ata-oğul, qardaş-bacı bıçaqlanmaları necə xoşbəxt edə bilərdi məni və ya xoşbəxt olmağa haqqım vardımı mənim? Yox, əlbəttə ki, yox. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlardan olmaq düşüncəsi necə xoşbəxt edə bilərdi məni? Məni, məni, məni çoxlu deyə bilərəm sizə bu mənilərdən. Sonda bu “məni”lər bir nöqtədə cəmlənir. O da xoşbəxtliyini rədd eləyən adamların cəmləşdiyi məkandır. Sizlər mənə acıyırsınız, cavan öldü deyirsiniz. Əslində hər şey əksinədir, acınılası mən deyiləm, sizsiniz. O sizlər ki, xoşbəxtliyi tapmaq üçün çapalayırdınız, çapalayırsınız və çapalayacaqsınız. Ancaq hər nə qədər çapalasanızda tapa bilməyəsəksiniz. Çünki həqiqi xoşbəxtliyin məkanı deyil yaşadığınız dünya. Süni xoşbəxtliklərlə aldadıb başınızı, ətinizi yeyir o dünya. Sizlərsə hər gün daha bağlanırsınız dünyaya, dünya sizdən hər an uzaqlaşdıqca, siz ona daha da yaxın olmaq istəyirsiniz. Oyun kimidir dünya həyatı, mənim dünyamda isə hər şey təbii və ecazkardır. Şübhəylə yanaşacaqsınız amma, mən sizin dünyanıza əsla qayıtmaq istəməzdim. Çünki sadaladıqlarımı yenidən yaşamaq özümə qarşı ən böyük təhqir olardı. Hə, necə düşünürsünüz düşünün , mən ruham. Ruhlar yalan söyləməz və ya ruhun dəlisi olmaz. Mən heç zaman dəli olmadım zatən. Sonda ey o dünyanın süni adamları. Hamınıza səslənirəm. Yazdıqlarımı sona kimi oxuyun, məndən nigaran olmayın. Əksinə mən sizlərdən nigaranam ki, ruhunuzu itirməyəsiniz deyə. Əgər olan-qalan ruhunuzu da itirsəniz o zaman tamamilə məhv olacaqsınız. Yeganə yazmaq ehtirasımın mənimlə sonsuza qədər var olacağını düşünmək daha da sevindirir məni. Çünki ruhumun varlığı, yazmağımın da varlığı deməkdir. Bütün bunlara görə ruhuma borcluyam və mən ruh bir yazaram. Ruh bir yazar olaraq da yazmağıma davam edəcəyəm. Siz evdə olmayan müddətlərdə bilgisayarımı açıb yazacağam və siz də oxuyaraq yazılarımı internet saytları, sosial şəbəkələrdə bu adla paylaşacaqsınız. “Bir ruhun yazdıqları”. 27.12.2011 2:45:03 Habil Yaşar
Belirtilmedi
Bu yazıya oy verin < çok iyi > < iyi > < orta > < vasat > < kötü >
 
Genç yazarlar Kulübü / Web Tasarım : Orhancam